"Formula 1” üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutan sonuncu – 21-ci mərhələdə Almaniyanın "Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton rəqiblərini qabaqlayıb. O, 1:39:40.382 göstərici ilə birinci finiş edib.
İtaliya "Ferrari”sinin sürücüsü Sebastyan Fettel ikinci (+2.581), Avstriyanın "Red Bull” komandasından hollandiyalı Maks Ferstappen (+12.706) üçüncü yeri tutub.
Abu-Dabi Qran Prisi formal xarakter daşıyırdı. Çünki L.Hemilton çempionluğu erkən təmin edib. Onun komandası isə Konstruktorlar Kubokunda qalibiyyəti rəsmiləşdirib.
Apreldə Azərbaycan Qran Prisinin də qalibi olan L.Hemilton yarışı 408 xalla 1-ci pillədə başa vurub. S.Fettel 320 xalla ikinci, onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnen isə 251 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, "Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada "Albert Park” trasında başlayacaq və 15-17 martda olacaq. Təqvimdə dördüncü sırada olan Azərbaycan Qran Prisi isə 26-28 apreldə olacaq.