“Adi qaydada gedirdim və lükün qapağına ilişdim. Maşın möhkəm silkələndi, mühərrik söndü”.
Sportnet.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı keçirdiyi qəzanı şərh edərkən deyib. 21 yaşlı sürücünün sözlərinə görə, bolidinin altı sınıb.
O, trasın durumundan narahatlıq keçirdiyini söyləyib: “Boliddəki zədə barədə indi nəsə demək çətindir. Lüklərlə bağlı problem həllini tapmayana qədər sessiya bərpa olunmayacaq. Bu insident sessiyanı korladı. İstəmədiyimiz bir ssenaridir, amma belə şeylər olur. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır. Mən möhkəm oğlanam. Axşam özümü yaxşı hiss etmirdim. Amma indi düzəlmişəm”.
Qeyd edək ki, hazırda trasdaklı lüklərin qapaqları yoxlanılır. Saat 15:00-a nəzərdə tutulan “Formula 2” yarışının sıralama turunun başlaması da sual altındadır. (Report)