
Fransada cüdo üzrə 5 qat olimpiya çempionu Teddi Rinerin məşqçisi Erik Despezelə qarşı araşdırma başlanıb.
Sportnet.az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, Despezel cinsi zorakılıqda ittiham olunur.
Ona qarşı ərizəni 2024-cü ilin yazında 24 yaşlı qadın verib. Həmin şəxs məşqçini seksual zorakılıqda və şəxsi həyata müdaxilə yolu ilə götürdüyü görüntüləri saxlamaqda ittiham edib.
Despezelin yanında pulsuz qalan və qidalanan zərərçəkən bildirib ki, vanna otağında miniatür kamera aşkarlayıb. O, məşqçidən idmankənar fəaliyyətinə dair aldığı çoxsaylı mesajlardan, yersiz şərhlərdən və bərpa masajı vaxtı etdiyi jestlərdən də şikayətlənib.
Şikayət ərizəsindən sonra Fransa Cüdo Federasiyası (FFJDA) inzibati araşdırmalara başlayıb. Habelə, Val-de-Marn departamentinin polis şöbəsi də işi aparır.
Vəkili isə bildirib ki, Dezpezel qadını həftədə 2-3 gecə qəbul edib və özünə qarşı ittihamları rədd edərək, tam əsassız adlandırır.
Qeyd edək ki, Teddi Rinerin 36 yaşı var. O, 5 qat olimpiya çempionluğundan əlavə, 12 qat dünya və 5 qat Avropa çempionudur.