
“Bu Oyunlara uzun müddət və ciddi şəkildə hazırlaşmışdım ki, çempion olum. Məqsədimə çatdım və buna görə sevinirəm".
Sportnet.az-ın məlumatına görə, bunu III MDB Oyunlarında qızıl medal qazanmış Azərbaycanın taekvondoçusu Ziya Həsənli (63 kq) deyib.
Oyunlarda Azərbaycana ilk qızıl medalı qazandırmış yeniyetmə idmançı qələbəsindən sonra emosiyalarını belə ifadə edib: "Xüsusilə final döyüşü çox çətin oldu, amma qalib gələ bildim. MDB Oyunlarında taekvondo üzrə tariximizdə ilk qızılı qazanmaq möhtəşəm hissdir”.
Qızıl medala gedən yolda Həsənli üç döyüş keçirib və onların hər biri tam güc və fədakarlıq tələb edib: “Üç rəqiblə qarşılaşdım. Ən çətini isə sonuncu döyüş oldu. Amma buna hazır idim və bunu bacardığıma görə çox sevinirəm”.
İndi isə o, qarşısına daha böyük bir məqsəd qoyur: “Növbəti hədəfim — Olimpiya çempionu olmaqdır”.