Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start verilib.
Sportnet.az-ın məlumatına görə, reytinq turnirinin ilk günündə Azərbaycanın sərbəst güləş millisinin 5 üzvü mübarizə aparıb və onların 3-ü fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) almaniyalı Niklas Steşele (3:2), amerikalı Liam Smit Kroni (5:0) və Puerto Riko təmsilçisi Daryan Kruza (6:1) qalib gələrək yarımfinala yüksəlib. Milli üzvü yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabıyla məğlub olsa da, hindistanlı Akşay Tanaci Dheredən güclü (9:2) olaraq bürünc medalı boynundan asıb.
Rəşid Babazadə (65 kq) almaniyalı Niko Meqerle (12:2), bolqarıstanlı Mikyay Salim Nayim (8:7) və ekvadorlu Coşua Aleksandr Kramerə (10:0) qalib gələrək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Babazadə son saniyədə 4 xallıq fəndi icra edərək yekunda 18:15 hesablı qələbəylə finala vəsiqə qazanıb. O, finalda hindistanlı Sucet Sucetlə qarşılaşıb. U23 dünya çempionatının son qalibi ilə bacarmayan (0:10) Babazadə turniri gümüş medalla başa vurub.
Kənan Heybətov (74 kq) 1/8 finalda qırğızıstanlı Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.
Arseni Cioyev (86 kq) rusiyalı dünya və 2 qat Avropa çempionu Axmed Usmanovu 3:1, gürcüstanlı dünya və Avropa mükafatçısı Vladimeri Qamkrelidzeni isə 6:4 hesabı ilə üstələyib. O, finalın bir addımlığında rusiyalı İbragim Kadiyevə 2:3 hesabı ilə məğlub olub. Cioyev ABŞ-ın 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək bürünc medala sahib çıxıb.














































































