Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da yer alan sərbəst güləşçiləri xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. O, gürcüstanlı Nikoloz Botçorişvilini isə 6:2 hesabıyla üstələyib. Bağırov sabah finalda rusiyalı Ayanday Ondarla güləşəcək.
Musa Ağayev (65 kq) italiyalı Mattia Bientinesini vaxtından əvvəl (10:0) yarışdan kənarlaşdırsa da, 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabıyla məğlub olub. Ağayev bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.
Ramik Heybətov (70 kq) polşalı Daniel Kulçinskiyə 9:4 hesbıyla qalib gəldikdən sonra 1/4 finalda moldovalı Aleksandr Qaydarliylə bacarmayıb – 0:11. Heybətov təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşviliylə üz-üzə gələcək.
Səbuhi Əmiraslanov (79 kq) belaruslu Aleksandr Viarbitskiyə (11:4) və almaniyalı Marat Kardanova (6:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səbuhi gürcüstanlı Giorgi Qoqritçianiyə də gücünü göstərib – 4:1. Əmiraslanov həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.
Zəfər Əliyev (97 kq) ermənistanlı Qurqen Simonyana 6:2 hesabı ilə qalib gəlsə də, yarımfinalda ukraynalı İvan Primaçenkoya eyni hesabla məğlub olub. Əliyev bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibi ilə güləşəcək.











































































