Bu gün Gəncə şəhərində cüdo üzrə Avropa Kuboku turniri keçirilir. Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.
Sportnet.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezident müşaviri Natiq Bağırov turnirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu yarış həm idman bayramı, həm də milli komanda üçün vacib seçim mərhələsidir:
“Bu gün Gəncədə əsl cüdo bayramıdır. Möhtəşəm idman sarayında yüksək səviyyəli turnir təşkil olunub. Ümid edirik ki, idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxacaqlar.”
O qeyd edib ki, Avropa Kuboku yığma komanda üçün seçim xarakteri daşıyır:
“Bu turnir gələcək üçün çox önəmlidir. İdmançılar xal toplayacaq, məşqçilər heyəti isə ən güclüləri seçərək onları Avropa və dünya çempionatlarında ölkəmizi təmsil etməyə hazırlayacaq.”
Natiq Bağırov həmçinin yarışın beynəlxalq əhəmiyyətinə toxunaraq Belarus komandasının iştirakını xüsusi qeyd edib:
“Belarus yığmasını da biz dəvət etmişik. Vaxtilə bu ölkədə baş məşqçi kimi çalışmışam. Onların burada iştirakı sevindiricidir. İstərdik ki, gələcəkdə bu turnirdə iştirak edən ölkələrin sayı 30-40-a çatsın.”












































































