"Yarımfinaldan kiçik məyusluğum olsa da, ümumilikdə çox şadam. Bizim - yığmanın və şəxsən özümün medalım var".
Sportnet.az xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidəki Avropa çempionatında 81 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Zelim Tçkayev yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı idmançı göstərdiyi nəticəni müsbət dəyərləndirib: "Bu, pis nəticə deyil. Öz məqsədim qalib gəlmək idi. Amma bizim medalımız var. Ən əsası da budur. Gələcək yarışlara hazırlaşacağıq. Bakıdakı dünya çempionatında hədəfim qızıl medal olacaq".
Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə ümumilikdə 6-cı dəfə uduzmasının psixoloji amillə bağlı olmadığını bildirib: "Bunu məşqçimizlə araşdıracağıq. Sadəcə, belə alınır. Bu gün o, güclü idi. Səhvlərimiz üzərində işləyəcəyik".
O, qızıl medal qazanmış Timur Arbuzovun Avropa çempionluğunun layiqli olduğunu diqqətə çatdırıb.
Tçkayev hakimliklə bağlı şərh vermək istəməyib: "Buna heç bir qiymət verə bilmərəm, şərhim yoxdur".
















































































