Gəncədə ikiqat Azərbaycan çempionu qətlə yetirilib. Sportnet.az APA TV-yə istinadən xəbər verir ki, hadisə fevralım 20-də axşam saatlarında şəhərin Əttarlar küçəsində, "Kəpəz” mehmanxanasının qarşısında qeydə alınıb.
Şəhər sakini, 32 yaşlı Elmir Cəlilov odlu silahla vurulub. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparsalar da, onun dünyasını dəyişdiyi məlum olub. Əməliyyat axtarış tədbirləri nəticəsində Elmir Cəlilovu odlu silahla qətlə yetirən Gəncənin Əttarlar küçəsində yaşayan, 32 yaşlı Anar Tağıyev saxlanılıb. Hadisənin törədildiyi ərazidə avtomobil şüşəsinin qırıqları tökülüb. Qətlin hansı səbəbdən törədilməsi hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Qeyd edək ki, qətlə yetirilən Elmir Cəlilov peşəkar idmançı olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkə vasitəsi ilə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun vəfatı ilə bağlı mesaj yayıb. O, idmançının ölümünü böyük itki adlandırıb və ailəsinə başsağlığı verib.
Elmir Cəlilov ailəli, 2 uşaq atası olub.









































































