"Fair Play” Beynəlxalq Təşkilatının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil ounan tədbirdə 4 nominasiya üzrə ən ədalətli idmançıları müəyyənləşdiriblər.
"Fair Play” mükafatlarına 20 ölkədən 49 atlet iddia edib. Ancaq onlardan yalnız 32-si fəxri diploma və xüsusi hədiyyəyə layiq görülüb.
"Fair Play üslubunda jest”ə görə mükafat Belarus samboçusu Stepan Popova verilib. O, hələ ötən il Bakıda keçirilən I Avropa Oyunları zamanı Azərbaycan yığmasının üzvü Amil Qasımovla görüşdəki hərəkətinə görə belə yüksək qiymət alıb.
74 kq çəki dərəcəsində həmyerlimizlə final görüşündə ağrıdıcı fəndlə rəqibini məğlub edən Popov zədə alan Qasımovu çiynində xalçadan kənara aparmaqla, diqqət mərkəzinə düşmüşdü.
Mükafatlandırma mərasimində çıxış edən "Bakı-2015"nin qalibi hərəkətinin belə yüksək qimət verilməsini adi hal sayıb: "Sambo elə bir idman növüdür ki, burada zədələr, huşunu itirmələr kimi hallar tez-tez olur. Belə hallara dözməli oluruq. Lakin bu hadisə "Bakı-2015"də yaşanmışdı və bunu izləyən azarkeşlərin emosiyalarını sözlə ifadə etmək qeyri-mümkündür. Bu səbəbdən də hərəkətim böyük əks-səda doğurdu. Bu mükafat üçün çox şadam”.