Azərbaycan cüdoçuları Rusiyanın Qroznı şəhərində klublararası Avropa çempionatında çıxış edib. Sportnet.az-ın məlumatına görə, Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın "Saqareco", Rüstəm Orucov (73 kq) isə Portuqaliyanın "Sportinq" klubunun formasını geyinib.
Şıxəlizadənin komandası qızıl, Orucovunku isə bürünc medala sahib olub. İlkin mərhələdə məhz bu iki klub üz-üzə gəlib. Azərbaycan təmsilçilərini görüşlərini qələbə ilə başa vurublar. Amma komanda hesabında "Saqareco" qalib gəlib - 3:2. Növbəti qarşılaşmada Gürcüstan təmsilçisi Almaniya "Abensberq"ini üstələyib - 5:0. Bu dəfə də Şıxəlizadə rəqibindən üstün olub. Finalda isə "Saqareco" Rusiyanın "Yavara Neva" klubunu çətinliklə yenib - 3:2. Azərbaycan cüdoçusu uduzsa da, yekunda komandası qələbə qazanaraq, Avropa çempionu olub.
"Sportinq" isə təsəlliverici görüşlərə qatılıb. Yerli "Edelveys"lə görüşdə Orucov rəqibini məğlub edib. Portuqaliya təmsilçisi də görüşdən qalib ayrılıb - 3:2. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə Orucov və komanda yoldaşları Nalçik KBR-inə heç bir şans verməyiblər - 5:0.
Beləliklə, Rüstəm Orucov bütün görüşlərini qalib gəldiyi halda, bürünc, Nicat Şıxəlizadə isə 1 qarşılaşmasından məğlub ayrıldığı halda, qızıl medal qazanıb.