Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında muxtar respublika turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 80-ə yaxın idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə idmançılar 4 müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparıblar. 8-12 yaşa qədər kadetlərin mübarizəsində Akif İsmayılov (Naxçıvan), Uğur Əliyev (Naxçıvan), Məhəmməd İsmayılzadə (Naxçıvan), Şəmsəddin Əliyev (Naxçıvan) və Zeynalabdin Musayev (Şərur) müvafiq olaraq 25, 30, 35, 40, 45+ kiloqram çəki dərəcələrində qalib adını qazanıblar. 2-15 yaşlı uşaq idmançıların mübarizəsində 45 və 51 kiloqram çəki dərəcələrində Elton Səfərli (Kəngərli) və Qənbər Nağıyev (Culfa) birinci yerə layiq görülüblər.
15-17 yaşlı yeniyetmə idmançılar 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar ki, bu çəkidə Fərman Rzayev (Naxçıvan) hamıdan güclü olub. Gənclər arasında isə idmançılar 3 çəki dərəcəsində (60, 65 və 71 kq) rinqə çıxıblar. Müvafiq olaraq Elcan Qənbərli (Şərur), Rauf Həsənov (Şərur) və Yusif Quluzadə (Babək) rəqiblərini məğlub edərək turnirin qalibi olublar. 25 kiloqram çəki dərəcəsində qızların mübarizəsi isə yadda qalan olub.
10-a yaxın qızın rinqə çıxdığı turnirdə Röya Abdullayeva ("Turan” Döyüş Klubu) qalib adını qazanıb. Culfa təmsilçisi Fidan Yunisli ikinci, "Turan” Döyüş Klubunun digər yetirməsi Fidan Paşayeva isə üçüncü olub. Turnirin yekun nəticəsinə əsasən, komanda hesabında "Naxçıvan” komandası "Heydər Əliyev kuboku”nun qalibi olub. Digər iki pillədə isə "Şərur” komandası və "Turan” Döyüş Klubu qərarlaşıblar. Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.