Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilə yekun vurub.
Sportnet.az xəbər verir ki, bununla bağlı milli komandanın təlim-məşq toplanışında olduğu Abşeron Olimpiya İdman Kompleksində görüş keçirilib.
Yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Fərid Mansurov, milli komandanın məşqçilər korpusu və yığma üzvləri iştirak ediblər.
S. Mikayılov ili Azərbaycan boksçuları üçün uğurlu adlandırıb. O bildirib ki, komandanı yeni ildə daha ciddi sınaqlar gözləyir: “2020-ci il - Olimpiya ili hesab olunur. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün ilk növbədə lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımı uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə olimpiadada sözümüzü deyəcəyik”.
Federasiya rəsmisi təlim-məşq toplanışları üçün lazımı tapşırıqlarını verib. O, ardınca kollektivi Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il münasibəti ilə təbrik edib.
Daha sonra N. Səfərov hesabat xarakterli çıxış edib.
Gənclər və İdman Nazirliyinin rəsmisi Fərid Mansurov da boksçulara böyük ümidlər bəslədiklərini qeyd edib. Onun sözlərinə görə, bacardıqca çox lisenziya qazanıb, olimpiadada inamlı çıxış vacib məsələlərdəndir. O, olimpiya çempionu kimi, komandaya tövsiyələrini də verib.
R. Hüseynov da komandanı qarşıda ciddi sınaq gözlədiyini vurğulayıb. O bildirib ki, boksçular öz sözlərini deməyə davam edəcəklər: “İnanırıq ki, lisenziya turnirlərində və Tokio-2020-də qələbələrimizlə yenə xalqımızı sevindirəcəyik”.
Ardınca məşqçilər korpusu və boksçular onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışdıqlarını deyiblər. Qeyd ediblər ki, bacardıqlarının maksimumunu rinqdə qoyacaqlar.
Qeyd edək ki, gələn il martın 13 - 23-də Avropa Olimpiya Təsnifat Turniri Böyük Britaniyanın paytaxtı Londonda, mayın 13 - 24-də Dünya Olimpiya Təsnifat Turniri Fransanın paytaxtı Parisdə keçiriləcək.