Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyev "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında ölkəni təmsil etdiniz. Yarışın səviyyəsi necə idi?
- Macarıstan bir çox beynəlxalq tunrirlərə ev sahibliyi edir. Bu, onlar üçün ilk belə yarış deyildi. Orada dünya və Avropa çempionatlarında iştirak etmişəm. Təşkilatçılıq yüksək səviyyədə idi. Hakimlər və idmançılar ayrı-ayrı otellərdə qalırdılar. Təşkilatçılıq baxımından hər şeyə diqqət edirdilər. Ölkəmiz bu yarışda yunan-Roma və sərbəst güləşdə komanda hesabında çempion oldu. Belə uğurların fonunda təşkilatçılıq yada düşmür. Lap pis də olsaydı, gözümüzə görünməyəcəkdi.
- Qitə çempionatında neçə görüş idarə etdiniz?
- Hər gün qarşılaşmalar idarə etdiyim üçün dəqiq say yadımda deyil. Təsnifat, 1/4 final, yarımfinal və final görüşünü də idarə etmişəm. Bəzən əsas hakim, bəzən isə köməkçi hakim funksiyasını yerinə yetirirdim. Ölkəmizi layiqincə təmsil etməyə çalışdıq. İnanıram ki, bundan sonra da yüksək səviyyədə təmsil edəcəyik.
- Hansı çəkidə final qarşılaşmasını idarə etdiniz?
- Qadın güləşində 62 kq çəki dərəcəsində bolqarıstanlı Taybe Mustafa Yusein və almaniyalı Luiza Helqa Gerda Nimeş arasında final qarşılaşmasında iş başında olmuşam. Bolqarıstan təmsilçisi 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazandı. Bundan əlavə, bürünc medal uğrunda görüşləri də idarə etdik. Məndən başqa bu il I-S kateqoriyasına yüksələn İntiqam Alıyev və Sədi Quliyev də yarışa yollanmışdı. Bu, tək bizim yox, bütün Azərbaycanın uğurudur. Çalışacağıq ki, bundan sonra da ölkəmizi yüksək səviyyədə təmsil edək. Bu uğurlarda mənim də cuzi payım varsa, xoşbəxtəm. Hakimlər aparıcı qüvvədirlər. Onlardan çox şey asılıdır. Hakimlərimiz yarışlarda çoxluq təşkil etsə və nüfuzlu olsalar, güləşçilərimiz sığortalanır. Bunun idmançılara xeyri var. Öz güləşçilərimizə qarşı haqsızlıq olsa, biz də onların təmsilçilərinə qarşı edə bilərik.
- Yəni, kimsə haqsızlıq etsə, digər hakimlərin onların həmyerlisindən qisas almaları halları ilə rastlaşmısınız?
- Bu, açıq-aşkar qisas deyil. İdmançı güclüdürsə, heç kimi uduzdura və ona haqsızlıq edə bilməz. Sadəcə, bəzi texniki məqamlar və xırdalıqlar var. Onu hakimlərdən başqa çoxları hiss etmir. Referilər özləri elə texniki gediş edirlər ki, idmançı çətin vəziyyətə düşür. Amma güləşçi güclüdürsə, onu heç kim uduzdura bilməz.
- Avropa çempionatında Azərbaycan idmançılarından kiminsə haqsızlığa məruz qaldığını gördünüz?
- 67 kq-da yarışan yunan-Roma güləşçisi Həsrət Cəfərov yarımfinalda turkiyəli Murat Fıratla görüşdə haqsızlıqla üzləşdi. Cəfərov birinci hissədə passiv güləşsə də, ikinci yarıda aktiv oldu. Rəqibi parter vəziyyətinə qoymaq əvəzinə, növbəti dəfə Cəfərova qarşı bunu etdilər. Onun haqqına girdilər. Hakimlər öz işlərini bilir, amma vicdanla bilmək tam başqadır. Bu, insanın vicdanına bağlı olan şeydir. Təbii ki, həmin referi üçün ölçü götürdülər və onu tənbeh etdilər. Hazırda Dünya Güləş Birliyində şəffaf sistem yaradılıb.
- Həsrət Cəfərovun görüşündə haqsızlıq edən referi hansı ölkəni təmsil edirdi?
- Hakim bolqarıstanlı idi. Bundan sonra bolqarıstanlı pəhləvanın görüşünü idarə etməmişəm. Amma mən də həmkarıma öz iradımı və etirazımı bildirdim, ədalətsiz qərarlar verdiyini dedim. Məncə, bu, ona mesaj oldu. Belə bir haqsızlıq edirsənsə, növbəti turnirlərdə eyni haqsızlığın öz idmançılarına qarşı baş verdiyini görə bilərsən. Amma biz həmişə ədalətli olmağa çalışmışıq. Öz adımdan danışıram: Həmişə çalışmışam ki, ədalətli qərarlar verim. Bunun mükafatı kimi Tokio-2020 Yay Olimpiya Oyunlarında iş başında olmuşam. Hakim haqsızlıq edirsə, idmançının günahı nədir? Açıq dərəcədə demirəm ki, kiminsə haqqına girəcəyik. Heç vaxt belə şey ola bilməz. Bu, mənim üçün yolverilməzdir. Sadəcə, müəyyən texniki məsələlər ola bilər.
- Bu texniki məsələlər hansılardır?
- Məsələn, güləşçini parterdən 10 saniyəyə ayağa qaldırmalısansa, bunu 20 saniyəyə edirsən. Yunan-Romada passiv güləşçi aşağıda, aktivi isə yuxarıda olur. 15 saniyədən sonra fənd olmadığı halda, idmançıları ayağı qaldırırsan və güləş ayaq üstə davam edir. Amma 15 saniyənin əvəzinə 30 saniyə də gözləyə bilərsən. Belə məqamları nəzərdə tuturam. Kiminsə xalını kəsməkdən söhbət gedə bilməz. Öz işimi həmişə ədalət prinsipləri üzərində qurmağa çalışıram. İndidən sonra da belə edəcəyəm. Həmişə yaxşıların sırasında olmağa çalışırıq.
- Həsrət Cəfərovdan başqa daha hansısa azərbaycanlı güləşçinin haqsızlıqla üzləşdiyinin şahidi oldunuzmu?
- Xeyr. Hər kəs öz bacarığını ortaya qoydu. Yunan-Roma güləşində 10 çəkidən 8-də medal qazandıq. Medal əldə etməyənlər də, üçüncü yer uğrunda görüşlərdə uduzdular. Bütün güləşçilər medal uğrunda yarışdılar.
- 63 kq-da yarışan Taleh Məmmədov və Ermənistan təmsilçisi Hraçya Poqosyanla arasında yarımfinal görüşündə baş vermiş insidenti, yəqin ki, izləmisiniz. Həmin görüşü idarə edən referi hansı səbəbdən rəqibi aqressiv davranışına görə diskvalifikasiya etmədi?
- İdman illərin zəhmətini tələb edir. Erməni və başqa biri olsa da, hakimlər daim çalışır ki, idmançıların karyeralarına son qoyulmasın və ən azı, onlara xəbərdarlıq etsinlər. Hamı Avropa çempionatına qatılaraq, qələbə qazanmaq istəyir. Bütün dünya bilir ki, bizim onlarla hansı müstəvidə problemlərimiz olub. Hakimlər buna görə çalışırlar ki, güləşçilər arasında dava düşməsin. Hakim Talehin erməni rəqibinə sərt xəbardarlıq etmişdi. Güləşçimiz isə Poqosyanın cavabını qələbəsi ilə verdi.
- Yunan-Roma və sərbəst güləşdə Azərbaycan yığmalarının komanda hesabında çempion olmalarına şahidlik necə hiss idi?
- İdmançılarımız tarix yazdılar. Bunu sözlə ifadə etmək olmur. Bu hissləri canlı yaşamaq lazımdır. Güləşçilərimizlə qürur duydum. Möhtəşəm qələbə idi. Avropada birinci olmaq və hər kəsin səni təbrik etməsi başqa hisslərdir. Bütün güləşçilərimizlə fəxr edirəm. Bu tarixin canlı şahidi olmaq mənim üçün şərəfdir.
- Rusiya güləşçilərinin olmaması Azərbaycan pəhləvanlarının çıxışlarına nə dərəcədə təsir etdi?
- Azərbaycan güləşi dünyada həmişə ilk "3-lük"də yer alıb. Təmsilçilərimizin Rusiyadan da ciddi rəqibləri var. Əsas rəqibin birinin olmaması finala daha yaxşı addımlamaq üçün şərait yaradır. Rusiyada kifayət qədər tanınmış güləşçilər, dünya və Avropa çempionları var. Belarus da yarışa gəlməmişdi. Ukrayna isə az sayda güləşçi ilə yarışa qoşuldu. Amma bu, o demək deyil ki, biz belə nailiyyətləri əldə edə bilməyəcəkdik. Onların yarışlarda olduqları vaxtlarda güləşdə olimpiya, Avropa və dünya çempionlarımız olub. Hazırda komandalarımız çox yaxşıdır, bizim güləşçiləri görəndə digər ölkə təmsilçiləri narahat olurlar. Avropa çempionatında qazanılan uğuru, Rusiya və digər ölkələr iştirak etməyib deyə, kiçiltmək olmaz. Azərbaycan güləşçiləri həmişə öz sözlərini deyiblər.