
Bu gün Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan yığma Fransanın qonağı olacaq.
Parisdəki "Park de Prens" stadionunda oynanılacaq qarşılaşmanı norveçli baş hakim Rohit Saqqi idarə edəcək.
Bu, hər iki komandanın qrupda üçüncü matçı olacaq. İlk 2 görüşdə Fransa səfərdə Ukraynanı 2:0, evdə İslandiyanı 2:1 hesabı ilə yenib. Azərbaycan millisi isə İslandiyaya 0:5 hesablı səfər məğlubiyyətinin ardından evdə Ukrayna ilə heç-heçə edib - 1:1.
Fransa və Azərbaycan milliləri indiyədək 2 dəfə üz-üzə gəlib. Azərbaycan millisi ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirdiyi vaxt - 13 dekabr 1994-cü ildə Fransa ilə görüşdə 0:2, 1995-ci il sentyabrın 6-da Oser şəhərindəki "Ebbe Deşam" stadionundakı matçda 0:10 hesablı məğlubiyyətə düçar olub. Bu, bir komandanın ən böyük hesablı qələbəsi, digərinin isə ən böyük hesablı məğlubiyyəti kimi tarixə keçib. Darmadağında iştirak etmiş rəqib futbolçulardan Didye Deşam həmin vaxt kapitan olub, hazırda isə baş məşqçidir. Azərbaycan millisi isə Ayxan Abbasovun rəhbərliyi altında ikinci oyununa çıxacaq.
10 oktyabr
DÇ-2026
Seçmə mərhələ
D qrupu
22:45. Fransa - Azərbaycan
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)
Paris, “Park de Prens” stadionu.