Aprelin 22-də Portuqaliyanın Matozinyuş şəhərində start götürəcək Karate1 Premyer Liqa turirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışa 15 idmançı yollanıb.
Kişilərdən ibarət komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi 84+ kq) üstünlük verib.
Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahamgir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq.
Qeyd edək ki, turnirə 58 ölkədən 351 idmançı qatılacaq.