"İslamiada çox yaxşı keçdi. Qardaş ölkədə olduğu üçün özümüzü ev sahibi kimi hiss edirdik".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvondoçu Fəridə Əzizova Bakıda qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.
67 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı yarışın çox çətin keçmədiyini bildirib: "Avropa və dünya çempionatlarında mənim daha güclü rəqiblərim var. Ona görə çətinlik orta səviyyədə idi".
Əzizova ilin sonunadək dünya çempionatı və Qran-prilərə qatılacaqlarını söyləyib: "Məşqlərimizə davam edəcəyik. Növbəti turnirlərdə də yaxşı çıxış etməyə çalışacağıq".