
"Çəkiölçmə mərasimi və mətbuat konfransına kostyumla qatılmağım mənim imicimdir".
Sportnet.az-ın məlumatına görə, bunu azərbaycanlı kikboksçu Alim Nəbiyev deyib.
O, Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşacaq. İdmançı bildirib ki, bu döyüşə tam hazırdır.
Nəbiyev qeyd edib ki, MMA-da hələ çıxış etmək barədə düşünmür: "Bellator və UFC turnirlərində çıxış etmədən öncə yerli yarışlardan başlamaq mənim üçün yaxşı olardı. Amma bunun üçün yaxşı məşq etməliyəm. Hələ kikboksinqdə "Glory" kəmərini qazanmaq istəyirəm. Dekabrda kəmər döyüşüm olmalıdır. Ondan sonra MMA barədə düşünmək olar".
Ostrovyanu isə bildirib ki, tamaşaçıları maraqlı döyüş gözləyir.
Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Bu, Zabit Səmədovun son döyüşü olacaq.