Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc samboçular arasında Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması yarışı 2 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub.
Çempionatın son günündə samboçularımız 3 medala sahib olublar. Yeniyetmələrin mübarizəsində 56 kq çəki dərəcəsində yer alan Namiq Abaslı Rusiyanı təmsil edən Vladimir Mnatsakanyana uduzaraq, gümüş medal qazanıb. 70 kq çəkidəki Elvin Cəlilov və gənclər yarışında 57 kq çəkidə çıxış edən Fərid Qardaşxanov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, daha öncə yeniyetmələr arasında 52 kq çəki dərəcəsində yer alan Rəşad Dünyamalıyev və gənclərin mübarizəsində 62 kq çəkidəki Kamran Əsgərov qızıl, 48 kq çəkidəki yeniyetmə samboçumuz Eyvaz Baxşıyev bürünc medala sahib olub.