Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb.
Sportnet.az xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib.
Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.
Qeyd edək ki, 2022–2026-cı illər ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

















































































