Elşən MƏMMƏDOV
Azərbaycan istər Yay Olimpiya və Paralimpiya Oyunlarında, istərsə də klub futbolu sıralamasında ilk 30-luğa düşməyi bacardı. Amma futbol üzrə Azərbaycan millisi hələ də uğursuz nəticələrini sıralayır. Dünya reytinqində 100-lüyə düşmək artıq xəyal kimi görünür. Çox acı mənzərədir.
Baxmayaraq ki, dünya səviyyəli baş məşqçilər gəlir, xaricdən futbolçular gətirilib milliləşdirilir, uşaq futbolundan tutmuş gənclərədək liqalar keçirilir, amma nəticə sıfırdır.
Öz futbol məktəbimizin yetirməsi Amin Seydiyev bu gün Slovakiya ilə görüşdə məğlubiyyətin əsas səbəbkarı oldu. Daha əvvəl də o, "Sabah" komandasının heyətində İsrail "Makkabi"si ilə Bakıdakı qarşılaşmada 6 top buraxan müdafiənin ən bərbad siması idi.
Amma problem aminlərdə deyil, onların yetişdiyi mənəvi-psixoloji futbol mühitindədir. İllərdir infrastruktur sarıdan müəyyən işlər görülsə də, təəssüf ki, təhsilə diqqət yetirilməyib. Hansı ki, bu, fiziki hazırlıqdan da önəmli məsələdir. Nəticədə futbolçularımız beyin olaraq, inkişaf edə bilməyiblər. Başqa sözlə, əksər uşaq məşqçilərinin savad səviyyəsi yüksək olsaydı, bu, futbolçulara da sirayət edərdi.
Azərbaycanda uşaq futbolunda yetərincə kütləvilik var. Hər bir klubun uşaq komandalarından əlavə, ayrı-ayrılıqda kommersiya tipli müstəqil futbol məktəbləri də fəaliyyətdədir. Onlar vaxtaşırı yerli və beynəlxalq turnirlərdə iştirak edirlər. Amma tez-tez futbol funksionerlərindən "yerli futbolçu tapa bilmirik" sözlərini eşidirik.
Futbol təkcə topla oynamaqdan ibarət deyil. Siz başla oynamağı, qol vurnağı bacaran neçə yerli futbolçu saya bilərsiniz? Bu yerdə "Baş var ki, oynasınlar?!" ritorik cavabını eşitmək istəməzdik. Baxmayaraq ki, məntiq elmi elə bu cavabı diktə edir.
Futbolda düşünərək oynamaq, düşünərək kombinasiyalar qurmaq, düşünərək qərar vermək də vacib faktorlardır. Xüsusən də beynəlxalq miqyaslı oyunlarda. Əks halda, Amin Seydiyev yersiz penaltinin səbəbkarı olacaq, Elvin Cəfərquliyev "Qarabağ"ın heyətində avrokubok oyununa qırmızı vərəqə almaq üçün çıxacaq, Emin Mahmudovla Ramil Şeydayev penalti və kapitan sarğısı üstündə az qala dava edəcək.
Qurban Qurbanovu əsas heyətdə yerli futbolçu sayını get-gedə azaltmaqda qınamayın. Avropa Liqasının qrup mərhələsini ədalətsiz hakim qərarı ilə adlamağa imkan verilmədiyi 2014/2015 mövsümü ilə indini müqayisə edin. İtaliya "Inter"i ilə Bakıdakı görüşdə təmiz qolu sayılmayan və sonradan milliləşdirilən Riçard Almeyda xaric, nə az-nə çox - 6 yerli oyunçu start heyətdə yer almışdı. İndi isə Qurbanov ilk 11-likdə bir Bəhlul Mustafazadəni, bir də Elvin Cəfərquliyevi meydana buraxır. O da yəqin ki, çarəsizlikdən. Necə deyərlər, qınamasın ellər məni...
Allah futbolumuzu qorusun! Amin!
Amma belə aminlərlə fatihə daha real görünür...