
“Məşqçilik karyeramda böyük bir addım oldu. Mənə inananlara təşəkkür edirəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Sumqayıt”ın yeni baş məşqçisi Vaqif Cavadov təyinatı ilə bağlı danışarkən deyib.
O, “gəncik şəhəri” təmsilçisinin əsas komandasında uğurlu nəticələr qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: “Gənc bir mütəxəssis üçün baş məşqçi işləmək sevindirici haldır. Bu komandanı yaxşı yerlərə çıxarmaq istəyirəm. Çox iş görməliyik. İnanıram ki, klubda işləyən hər kəsin dəstəyi ilə bunu bacaracağıq”.
V. Cavadov yeni işində vaxta ehtiyacı olacağını söyləyib: “Sumqayıt” ölkə çempionatında yaxşı yerdə deyil. Komandanı bu vəziyyətdən çıxarmalıyam. Üzərimizdə çox işləməliyik. “Sumqayıt”ı yüksək yerlərə gətirmək üçüm lazım olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, “Sumqayıt”da baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunub. O, son olaraq “Sumqayıt”ın əvəzedici komandasına rəhbərlik edib.