"Hypers Guba"nın futbolçusu o topu gərək öz qapısına yox, meydançadan kənara vuraydı...
Zarafat bir yana, ötən həftə Azərbaycan II Liqasının Şimal derbisinə baxmağa getmişdim. Həm qonaq "Şahdağ Qusar", həm də meydan sahibi "Hypers Guba" iddialı komandalar sayılırlar. Amma meydan saniblərinin oyunu məni bir qubalı kimi çox məyus etdi.
"Şahdağ Qusar" qarşısında faktiki olaraq, heç nə edə bilməyən Vüqar Nadirovun komandası məğlubiyyəti (1:3) haqlı olaraq haqq etdi. "Hypers Guba"nın elə bir futbolçusu olmadı ki, Rahid Əmirquliyevin kapitanlıq etdiyi kollektiv qarşısında nə isə ortaya qoysun. Meydan sahiblərinin "ulduz"u sayılan Cavid İmamverdiyev meydanın rəqibə aid hissəsində gəzməklə məşğul idi. Maraqlıdır ki, 2017/2018 mövsümünün futbolçusu seçdiyimiz İmamverdiyev fürsət düşdükcə ehtiyat oyunçular skamyasına su içmək üçün müraciət edirdi. Bu da səbəbsiz deyildi. Axı onun uca boyu ilə yanaşı iri bədəni (qarnı) nəinki meydandakıların, hətta tribunadakıların gözünü deşirdi. Sanki meydana vaxtilə Kiprdə APOEL-in qapısına qol vuran peşəkar yox, yarımhəvəskar futbolçu çıxmışdı...
Özüm həmin vaxt oyunla bağlı nə isə yazmadım. Çempionat motivasiyalarını aşağı salmamaq üçün. Kubokda "Turan Tovuz"a məğlubiyyət isə qaçılmaz idi. Amma birinci qol heç həvəskar futbolçuya belə yaraşmazdı....
Quba Olimpiya İdman Kompleksinin stadionu regionlardakı arenalar arasında həm tutumuna, həm də görkəminə görə öncüllərdəndir. "Quba Arena" hətta avrokubokların təsnifat oyunlarını belə, qəbul etməyə hazırdır.
Ona görə də burada oynayan komanda Premyer Liqa səviyyəsində olmalıdır. "Hypers" ev arenası kimi Qubanı seçdiyinə görə sağ olsun, amma etiraf edək, indiki durumda "qaçqın komanda" kimi rəqiblərini orda-burda qəbul edən "Şahdağ Qusar"la derbidə bərabər səviyyədə çıxış edə, dolayısı ilə I Liqada oynaya biləcək səviyyədə komanda deyil!
"Şahdağ Qusar" isə çox intizamlı, taktiki-texniki cəhətdən səliqəli, gedərkən tribunaları təmizləyəcək qədər alqışalayiq azarkeşlərə sahib kollektivdir. Bu komanda elə indidən demək olar ki, I Liqada yerini təmin edib.
Klubu qayğılandıran yeganə məsələ illərdir boya-başa çatdıra bilmədikləri stadion olmalıdır. Şövkət Orduxanov adına Qusar şəhər stadionunda işlər sürətləndirilməlidir. Klubun sponsorunun da buna imkanı var.