![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739106971_vaq.jpg)
"Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıqsa, deməli hər şey qaydasındadır. Sadəcə son nöqtəni qoya bilmirik, bunu da növbəti oyunlarda düzəldəcəyik. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Bizim 22 xalımız var və 6-cı pillədəyik. Qarşıda çox oyunlarımız var".
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXII turunun “Şamaxı” ilə səfər matçından sonra mətbuat konfransında deyib.
- İkinci hissədə "Sumqayıt"ın oyununun alınmamasının səbəbi nədir?
- Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhvə görə qol buraxdıq və bu, məğlubiyyətə gətirib çıxardı.
- Komandanız niyə 7 oyundur qol vura bilmir?
- Qol fürsətlərimiz var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu qırılacaq. Əsas odur ki, oyunumuz var, qol epizodlarımız olur. Futbolda belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik.
- Alan Diasın durumu necədir?
- Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayiədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbələlərdə bizə irad bildirən azarkeşlər gəlib 10 minlik stadionu doldursunlar. Kənardan nəsə demək asandır. Stadionda dolandan sonra ən azından zəif oynasaq, o zaman bizi tənqid edə bilərlər. Böyük şəhərin komandasıyıq, azarkeşlərə ehtiyacımız var.
- "Şamaxı"nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ bir oyununuz da qalıb. Sumqayıtda görüşərik bir hissi varmı sizdə?
- Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir, qələbə qazanıblar, niyə də yox? Sadəcə olaraq onu demək istəyirəm ki, bizi heç kim hələ keçməyib. Komandam çox yaxşı oyun nümayiş etdirir, baxmayaraq ki, qol vura bilmirik. "Sabah"la, "Araz-Naxçıvan"la oyunlarda da belə oldu. Amma nəvaxtsa bu sindromu sındıracayıq. Əsas odur ki, futbolçularım özlərinə inansınlar, hər zaman onların arxasındayam. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Əlimdə olan futbolçulardan gileylənmirəm, sadəcə olaraq bir neçə futbolçu komandaya təlim-məşq prosesindən sonra qoşulublar. Onların uyğunlaşması lazımdır.
- Premyer Liqada sonuncu yeri tutan komandanın I Liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, razılaşacaq?
- Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu pilləni tutsun. Belə bir şey baş verərsə, mən burada olmaram. Hər şey qaydasında olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Sadəcə olaraq azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.
Həşim Məmmədov