
“Birinci hissəni çox pis başladıq. Qol da buraxdıq”.
Sportnet.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.
O, Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunun 3-cü yer uğrunda Özbəkistanla oyunu barədə fikirlərini bildirib: “Sonra öz oyunumuzu tapa bildik. Bərabərlik qolunu da vurduq. Bir daha təkrarlayım ki, insanın resursları – gücü tükənir. Altı gündə 4 oyun keçirdik. Sonda görünürdü ki, futbolçular yorulublar. Amma çalışırdılar, döyüşürdülər. Belə alındı, rəqibi təbrik edirəm. Birinci hissənin sonlarında top Elbrus Kərimovun üzünə dəydi, gözləri qaraldı, huşunu itirdi. İndi qaydasındadır. Bizim üçün futbolçuların sağlamlığı önəmlidir. Onu əvəz etdiyimizə peşman deyilik. İkinci qapıçı da pis oynamadı. Ötən il nəticələr uğursuz idi, yaxşı deyildi. Bizə də bilmək lazım idi ki, bir ildə nə iş görmüşük. Bu, İnkişaf turniridir. Yeni oyunçuları sınayırıq. Martda seçmə matçlarımız var. Ora hazırlaşırıq və ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, millimiz Özbəkistana 1:2 hesabı ilə uduzub