
“Neftçi”nin müdafiəçisi Yuri Matias vətəni Braziliyaya qayıtmaq istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı futbolçu ailəsindən uzaq qaldığı üçün onlardan ötrü darıxır. O, xüsusən də, autizmdən əziyyət çəkən 5 yaşlı oğlu Mateusun yanında olmaq istəyir.
Matias özü də ayrı qalmağın ona çətinliklər törətdiyini etiraf edib: “Ailəmdən uzaq qalmaq çətindir. Bu, məni çox üzür və incidir. Oğlumun autizmdən əziyyət çəkməsi də birlikdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.
Yurinin həyat yoldaşı Mişel də uşaqların atalarından uzaq qalmaq istəmədiklərini bildirib: “Oğlanların Yuri ilə güclü bağları var. O, yanlarında olmayanda, xüsusilə də, autizmdən əziyyət çəkən Mateus üçün vəziyyət daha da çətinləşir. Amma bir yerdə olanda hər şey dəyişir, daha sakit və stressiz olur. Həmişə deyirəm ki, Yuri onların dərmanıdır”.
Qeyd edək ki, Yuri Matiasın “Neftçi” ilə müqavilə müddəti bu ilin yayına qədərdir.