
Şamaxı” Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. “Şirlər”in rumınıyalı futbolçusu Andrey Tirkoveanu baxımlı qola imza atıb.
Sportnet.az xəbər verir ki, görüşdən sonra 28 yaşlı yarımmüdafiəçi Teleqraf-ın suallarını cavablandırıb. O, əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
- Bizim üçün vacib qarşılaşma idi. Görüşün çətin keçəcəyini bilirdik. Oyunun əvvəllərində rəqib topa sahiblənmədə üstün idi. Daha sonra təzyiq etməyə başladıq və nəticədə qol gəldi.
- Adətən, futbolçular süni meydanda oynamaqda əziyyət çəkirlər. Sizə də çətindirmi?
- Bundan əvvəlki klubum Kanada "Pasifik"ində ikən də süni ot örtüyündə oynamışam. Ona görə bu, mənə çətinlik yaratmadı. Lakin 2-3 həftə dizimə və topuğuma təsirini hiss etdim.
- Turnir cədvəlinin 7-ci pilləsinə yüksəlsəniz də, Premyer Liqanı tərk etmə təhlükəsində olan klublardan birisiniz. Hazırki mövqeyiniz sizi nə dərəcədə narahat edir?
- Hazırda olduğumuz yer üçün əsəbi və ya gərgin deyiləm. Düşünürəm ki, yaxşı oynayırıq. Ötən tur “Turan Tovuz”a şanssızlıq nəticəsində məğlub olduq. Daha yaxşı oynayıb yaxşı nəticələr qazanacağıq. İnanıram ki, turnir cədvəlindəki yerimizi yaxşılaşdıracağıq.
- Elitada tərk etməyəcəyinizə inanırsınızmı?
- Hazırda bu barədə düşünmürəm. Bura gəldim ki, komandama kömək edim. Mübarizə aparmaq və komandama faydalı olmaq üçün buradayam. Bundan sonra da əlimdən gələni edəcəyəm.
- Legioner futbolçu olaraq, nə üçün Azərbaycanı seçdiniz?
- “Şamaxı” məni israrla istəyirdi. Həmçinin baş məşqçi Ayxan Abbasov da mənimlə danışdı və istəyini bildirdi. Düşündüm ki, yaxşı liqadır və burada oynamaq əlverişli olar. Ona görə də “Şamaxı”nı seçdim.
- Komandaya tam adaptasiya olmusunuzmu?
- Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Çox yaxşı uyğunlaşdım. Artıq burada dostlarım da var.
- Növbəti tur “Zirə”yə qarşı çətin oyununuz olacaq. Xal ala biləcəyinizə inanırsınızmı?
- Bu rəqibə qarşı bir yoldaşlıq və bir rəsmi oyunumuz olub. "Zirə"ni bəyənirəm. Düşünürəm ki, yaxşı nəticə əldə edəcəyik.