
"Qələbə seriyamızı davam etdirmək istəyirik".
Bunu "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
"Kimyaçılar"ın kapitanı layiqli qələbə qazandıqlarını bildirib: "Turan Tovuz"la səfərdə oynamaq hər bir komanda üçün çətin olur. Rəqib komanda öz oyun üslubu və azarkeşlərinin dəstəyi ilə seçilir. Yaxşı hazırlaşmışdıq, düzgün analiz edərək onların səhvindən yararlana bildik. Pis oyun alınmadı, səhvlərimiz də oldu, amma birlikdə yaxşı mübarizə apararaq, layiqli qələbə qazandıq".
30 yaşlı müdafiəçi iki oyunluq qələbə seriyasını davam etdirmək istədiklərini dilə gətirib: "Qələbəsizlik və qol vura bilməmə seriyası bizə klub olaraq çətin idi. Həmin görüşlərin yarısını uda da bilərdik. Zəif oyunlarımız oldu, amma 11 matçın hamısı belə deyildi. Hər bir komandada belə zolaqlar olur. Düzdür, bizdə bir az çox oldu. Toparlanaraq, hər şeyi yoluna qoyduğumuzu demək olardı, amma qarşıda pauza var. Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq, daha da yaxşı işləyə bilərik. Qələbə seriyamızı davam etdirmək istəyirik".
Qeyd edək ki, "Sumqayıt 27 oyundan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.
Haşım MƏMMƏDOV