
”Gözləntilərimiz yalnız qələbədir”.
Sportnet.az xəbər verir ki, bunu Haiti milli komandasının baş məşqçisi Sebastyan Minye Azərbaycan yığması ilə yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib: “Azərbaycan kimi komanda ilə qarşılaşmaq bizim üçün əla fürsətdir. Yaxşı komandaya qarşı oynayacağıq. Bilirik ki, çətin olacaq. Amma meydana qələbə üçün çıxacağıq. Mövsümün bu hissəsində özümüzü dəyərləndirmək üçün yaxşı sınaqdır".
Fransalı baş məşqçi Azərbaycan yığmasını analiz etdiklərini vurğulayıb: “Avropa komandası olduğu üçün bunu etmək rahat idi. Amma daha çox öz komandamız barədə düşünürəm”.
Minye əsas heyətlə bağlı qərar vermədiyini açıqlayıb: “Bunu son məşqdən sonra edəcəyəm”.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti matçı saat 21:45-də başlanacaq.