
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində "Turan Tovuz" klubuna məxsus "Hünər" Təlim-Məşq Bazasının təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, açılışda “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev, Tovuz-Gədəbəydən və Suraxanıdan olan deputatlar Arzu Nağıyevlə Azər Allahverənov, komandanın baş məşqçisi Kurban Berdıyev və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AFFA rəsmilərindən isə tədbirə heç kim gəlməyib.
Qeyd edək ki, istifadəyə verilən meydançanın ümumi ot örtüyü sahəsi 114 x 74 metr təşkil edir. Meydança beynəlxalq standartlara uyğun ot örtüyü və digər texniki göstəricilərə uyğun salınıb. Bundan başqa meydançaya bitişik 20 x 30 metrlik köməkçi məşq zonası, 20 x 10 metrlik açıq tipli isinmə hərəkətləri üçün məşq zonası var. Ərazidə inzibati bina və çəkiliş qülləsi tikilib.
İnzibati binada 55 kvadratmetrlik toplantı otağı, 32 nəfər üçün nəzərdə tutulan soyunub-geyinmə otağı, 12 yerlik duş , ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq var.
Bundan əlavə binanın daxilində 25 kvadratmetrlik buz hovuzu, 20 kvadratmetrlik sauna, həkim və masaj otaqları komandaların ixtiyarına verilib.
Yoldaşlıq oyunlarını nəzərə alaraq bina daxilində 70 kvadratmetrlik, 15 yerlik soyunub-geyinmə otağı, 6 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq qurulub.
Oyunları izləmək üçün hər mərtəbəsi 12 kvadratmetrdən ibarət olan 3 mərtəbəli izləmə qülləsi tikilib.
Qüllənin birinci mərtəbəsində binanın istilik və su təchizatını təmin etmək üçün müasir standartalara uyğun qazanxana sistemi yığılıb.
İkinci mərtəbə rəhbərlik və məşqçi heyətinin oyunu daha rahat izləməsi üçün nəzərdə tutulub.
Üçüncü mərtəbədə kamera nəzarət otağı yerləşir. Dam hissəsi isə açıq çəkiliş meydançası üçün nəzərdə tutulub.
Bundan əlavə stadion və ümumi ərazi yağış və suvarma sularına qarşı yüksək keyfiyyətli drenaj xətləri və quyuları quraşdırılıb. Ərazidə əlavə olaraq 100 tonluq köməkçi yanğın və suvarma su anbarı da istifadəyə verilib.
Qeyd edək ki, ümumi ərazisi 5 hektardan böyük olan Kürdəxanı layihəsi çərçivəsində əsas korpus binasının tikintisi və əlavə 2 təbii örtüklü meydançanın salınması prosesi davam edir.
Qeyd edək ki, bu, "Turan Tovuz" klubunun son 25 gün ərzində istifadəyə verdiyi ikinci infrastruktur obyektidir. Martın 28-də Tovuzda əsas komandanın qalması üçün binanın açılışı olub.