
"Qarabağ" komanda və səviyyə baxımından bizdən üstündü sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis matçın çətin keçdiyini bildirib: "Bizi nəyin gözlədiyini bilirdik. İlk oyunda qələbə qazansaq da, komanda şəklində ikinci matçın daha ağır keçəcəyini bilirdik. Birinci hissədə oyunumuz alındı, ikincidə ritmi itirəndən sonra rəqib üstünlüyü ələ aldı. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Premyer Liqada son oyunlarımız qalıb, daha çox onlara köklənəcəyik".
O, komandasının müdafiə oyunu oynaması barədə bunu deyib: "Desəm ki, komandamın daha çox hücumda olmasını istəyirəm, "Qarabağ"ı da vurğulamaq lazımdır. Komanda və səviyyə baxımından bizdən üstündülər, oturuşmuş heyətləri var".
Baş məşqçi görüşün baş hakimi Rəvan Həmzəzadədən narazı olduğunu gizlətməyib: "Bu cür oyunları xırda nüanslar həll edir. Düşünürəm ki, oyunu çevirə bilərdik, ilk hissədə epizodlarımız oldu. 25-ci dəqiqədə olan epizod matçı dəyişə bilərdi, amma baş hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penalti idi. Daha bir epizodda hücuma çıxırıq, qarşımız alır. Bizim qapıya cərimə zərbəsini təyin edir, sonra da deyir ki, səhv etmişəm.
Ümid edirəm ki, "Araz-Naxçıvan"a qarşı bu cür səhvlər davamlı olmayacaq. Ötən oyunda Vanderson adi epizodda qırmızı vərəqə aldı. Eyni qayda pozuntusunu digər komandalar edəndə futbolçunu sakitləşdirməyə çalışırlar. İkili standart hiss olunur. Bizə qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı daha obyektiv olarlar".
O, bunun səbəbi barədə düşünmədiyini deyib: "Komandamı atıb bunu düşünsəm işdən kənar qalaram. Amma yenə də deyirəm ki, bu antipatiya hiss olunur".
Elmar Baxşıyev antipatiyanın "Araz-Naxçıvan", yoxsa onun özünə qarşı olmasına dair isə bunu söyləyib: "Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma keçən komandanın rəqibi əllə topu saxlayır, hakim isə deyir ki, sürüşüb əllə oynayıb. Bunu qəbul etmirəm".
O, son olaraq komandasının heyətinin kasad olmadığını vurğulayıb: "Sadəcə olaraq, indiki durumda zədəli və cəzalı futbolçularımız olduğu üçün sıxıntılar yaşayırıq".