
"Bu gün bütün uşaqları finala yüksəldiyimiz üçün təbrik edir, onlara "əhsən" deyirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis iki oyunun nəticəsində finala vəsiqəni haqq etdiklərini bildirib: "İlk yarı qarşılıqlı hücumlar şəraitində keçdi. İkinci hissədə qələbəyə yaxın tərəf biz idik. Meydanda dominantlıq edirdik, çoxlu qol fürsətimiz var idi. Önəmlisi, finaldayıq. İki oyunu təhlil etdikdə də qalibiyyətə yaxın tərəf yenə bizik. Bu gün xarakter göstərdik və layiqli olaraq, finala yüksəldik".
Berezutski konsentrasiya ilə bağlı problemlərinin olduğunu etiraf edib: "Bu mövsüm ölkə kubokunda elə oyunlarımız olmuşdu ki, qol imkanlarından yararlana bilməmişdik. Bu problemi bilir və üzərində işləyirik. Ümidvaram ki, həll edə biləcəyik. Amma bu, elə də asan deyil. Ustalıq, konsentrasiya və yorğunluq fonunda qol fürsətlərindən yararlana bilmirik".
O, "Qarabağ"la final oyunu barədə fikirlərini bölüşüb: "Bizim bir addımımız qalıb. Bu, finaldır, nüfuzlu və titullu oyunudur. Buna görə də əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq. "Qarabağ"la Premyer Liqanın qarşıdakı turunda da üz-üzə gələcəyik. 4 gündən sonrakı qarşılaşmada rotasiyalar edəcəyik. Çünki 4 gündənbir üçüncü oyunumuzu keçirəcəyik. Finalda isə hər şey ola bilər. Bu səbəbdən, döyüşəcəyik".
Berezutski Premyer Liqadakı qalan 5 tur oyunlarından finala hazırlıq məqsədilə yararlanacaqlarını söyləyib: "Hər oyunda qələbə üçün oynamalı olduğumuzu unutmamalıyıq".
43 yaşlı mütəxəssis hazırda Çinin "Şanxay Şenxua" komandasına rəhbərlik edən və daha əvvəl birlikdə çalışdıqları həmyerlisi Leonid Slutskini final oyununa dəvət etməyə hazır olduğunu açıqlayıb: "Slutskini məmnuniyyətlə dəvət edərdim. Amma Çindəki oyun qrafikinin bura ilə üst-üstə düşüb-düşmədiyini bilmirəm. Əminəm ki, imkanı olsa, gələcək".