
Azərbaycan Kubokunun final görüşündə nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirə Peşəkar Futbol Liqasının (PFL), “Qarabağ” və “Sabah” klublarının nümayəndələri qatılıb.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyevlə, “Qarabağ” menecer Fərid Ağayevlə, “Sabah” isə icraçı direktor Pərvin Piriyevlə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Mərasimin ardından klub nümayəndələri ilə PFL arasında geniştərkibli görüş keçirilib. İclasda PFL-in Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.