
2025/2026 mövsümündə "Zirə"nin avrokuboklarda hədəfi ən azı pley-off mərhələsinədək irəliləməkdən ibarət olacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.
Onun fikrincə, qarşıdakı avrokubok mövsümündə komandasının üzərində təzyiq olacaq. Bu, ötən mövsüm UEFA Konfrans Liqasının pley-off mərhələsinədək irəliləmələri ilə əlaqədardır: "Azarkeşlər daha artığını istəyir. Hər şeyi zaman göstərəcək. Pley-off-da rəqiblərin oyuna köklənməyi də fərqli olur. Çünki orada maddi qazanc olur. Qrupa düşmə şansı var deyə, rəqiblər də fərqli motivasiyada oynayırlar. Ən azı pley-off-a qədər getmək istəyirik".
Sadıqov avrokuboklarda uğurlu nəticələr göstərmək üçün klubların reytinq xalları toplamalarına ehtiyac duyulduğunu bildirib: “Bu gün bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. İlk mərhələdə ciddi rəqiblər düşür. Bu mərhələni necəsə keçmək lazımdır ki, xallar toplayaq. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Asan rəqib yoxdur. Hələlik buna nail ola bilmirik. Keçən il 4 xal toplamışdıq, yenə də 4 xalla başlayacağıq. Yəni, heç bir xal verilmir. Yenə cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Çempionatda uğurlu çıxış edirsən, avrokuboklarda elə. Avrokuboklarda uğur əldə etmək asan deyil".
Baş məşqçi "Zirə"nin hazırlıqlara gələn həftədən başlayacağını açıqlayıb: "Dünən hakimin final fiti səsləndikdən iki dəqiqə sonra baş menecerimiz Elman Himayətoğluya sual verdim ki, Konfrans Liqasında birinci oyun nə vaxtdır? Mən ona qədər bilmirdim. Çünki, elə insanam, bir şey həll olmamış maraqlanmıram".
Haşım MƏMMƏDOV