
Bu gün "Səbail" komandasının Azərbaycan Premyer Liqasından I Liqaya düşməsi rəsmiləşə bilər.
Sportnet.az xəbər verir ki, "dənizçilər" bunun baş verməməsi üçün XXXIV tur qarşılaşmasında evdə "Zirə"ni məğlub etməlidir.
Elvin Məmmədovun rəhbərlik etdiyi kollektiv "qartallar"la oyunda hətta heç-heçə edəcəyi təqdirdə də gələn mövsüm aşağı divizionda oynamalı olacaq.
Peşəkar Futbol Liqasının reqlamentinə əsasən, komandalar eyni xala malik olduğu təqdirdə, əsas götürülən ilk meyar qazanılan qələbələrin ümumi sayıdır. Hazırda 22 xalla sonuncu olan "Səbail" 9-cu pillədəki "Kəpəz"dən 7 xal geridədir. Gəncə təmsilçisinin aktivində 7, paytaxt klubunun isə 4 qələbəsi var. "Səbail" "Zirə" ilə oyunda heç-heçə etsə, "Kəpəz"lə xal fərqi 6-ya enəcək. Qalan 2 oyunda isə paytaxt təmsilçisi hətta fərqi aradan qaldırsa belə, qələbə sayında Gəncə komandasına çata bilməyəcəyi üçün elita ilə vidalaşmalı olacaq.
Qeyd edək ki, "ASCO Arena"da təşkil olunacaq "Səbail" - "Zirə" matçı saat 17:00-da start götürəcək.