
“Vacib görüş idi. Üçüncü yeri təmin etmək üçün 1 xal qazanmaq lazım idi".
Bunu Sportnet.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
28 yaşlı hücumçu matçda yaxşı oynadıqlarını söyləyib: "Oyuna çox ciddi köklənmişdik. Yekunda da qalib gəldik. Avropaya gedirik”.
O, qarşılaşmada aldığı zədənin ciddi olmadığını bildirib: “Oyunu davam etdirsəydim, vəziyyət daha da pis ola bilərdi. Ona görə də əvəzlənməyim məsləhət oldu. İnanıram ki, növbəti matça qədər hazır olacağam”.
Santos komandasının Konfrans Liqasına vəsiqə qazanmasını tarixi hadisə adlandırıb: “Bu, klub üçün tarixdir. Komanda ilk dəfə avrokuboklara qatılacaq”.
Braziliyalı futbolçu mövsümün son oyununda "Zirə"yə qalib gəlmək istədiklərini bildirib: “Qarşıda hələ bir oyunumuz var. Mövsümün son matçında “Zirə”yə qalib gəlmək istəyirik. Yalnız ondan sonra avrokuboklar barədə düşünmək olar. Avropada uğur qazanmaq üçün heyətimiz güclənməlidir”.
Qeyd edək ki, Felipe Santos Azərbaycan Premyer Liqasında 10 qolla "Araz-Naxçıvan"ın bombardiridir və ümumi sıralamada "Sabah" komandasının nigeriyalı hücumçusu Cesse Sekidika ilə bərabər 4-5-ci yerləri bölüşdürür.