
II Liqada mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.
Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevin Sportnet.az-a verdiyi məlumata görə, tədbir mayın 22-də Bakıda təşkil olunacaq.
Onun sözlərinə görə, hələlik mərasimin konkret məkanı bəlli deyil.
II Liqada çempionun adına aydınlıq gətirəcək oyunlar mayın 21-də keçiriləcək. Hazırda 71 xalla 1-ci yerdə gedən "Şahdağ Qusar" Binə qəsəbə stadionunda "Dinamo"nun, 68 xalla 2-ci pillədə qərarlaşan "Şəfa" isə "Neftçi" Futbol Mərkəzinin IV meydançasında "Qusar"ın qonağı olacaq. Hər iki görüş saat 17:00-da başlanacaq. "Şahdağ Qusar"a çempionluq üçün heç-heçə də yetərlidir. Lider uduzacağı təqdirdə, "Şəfa" qələbə qazansa, xallar bərabərləşəcək və bu halda daha üstün top fərqinə malik paytaxt təmsilçisi çempion olacaq. Çünki hazırda "Şəfa"da vurulan-buraxılan topların saldosu +76 (91-15), "Şahdağ Qusar"da isə +62 (70-8) durumundadır.
Oyunların ardından çempionu yerindəcə təltif etmək təşkilati baxımdan çətin olduğu üçün mükafatlandırma mərasimi mayın 22-də düzənlənəcək. Tədbirin saatı isə qarşılaşmaların ardından açıqlanacaq.
Sportnet.az-ın əldə etdiyi digər məlumata görə, "Şahdağ Qusar" çempion olacağı halda, Binə qəsəbə stadionunda qızıl medallarına qovuşacaq və komanda üzvləri mayın 23-də kubokla birlikdə Qusara yollanacaqlar.
Bu titulu "Şəfa" əldə edəcəyi təqdirdə isə ev oyunlarını keçirdiyi "ASK Arena"da mükafatlandırılacaq.