
UEFA İcraiyyə Komitəsi 2028-ci il Avropa çempionatının təsnifat formatını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar İspaniyanın Bilbao şəhərindəki Avropa Liqasının final matçından əvvəl keçirilən toplantıda qəbul olunub.
AVRO-2028 Böyük Britaniya və İrlandiyanın 9 stadionunda 24 ölkənin iştirakı ilə təşkil ediləcək.
Son seçmə mərhələdə olduğu kimi, yenə 4 və ya 5 komandadan ibarət 12 seçmə qrup formalaşdırılacaq. Meydan sahibləri İngiltərə, İrlandiya, Şotlandiya və Uels milliləri də seçmə mərhələdə iştirak edəcəklər. Onlar ayrı-ayrı qruplarda yer alacaqlar.
Qrupların 12 qalibi və ikinci pilləni tutan komandalardan ən yaxşı göstəricilərə malik 8-i (cəmi 20 ölkə) birbaşa AVRO-2028-ə vəsiqə qazanacaq.
Qalan vəsiqələrdən 2-si final mərhələsinə yüksələ bilməyən ən yüksək reytinqli təşkilatçı ölkələr üçün nəzərdə tutulub. Bütün təşkilatçı ölkələr seçmə mərhələdəcə bu hüquqa yiyələnsələr, həmin vəsiqələr qalan 4 qrupun 2-ci pillə sahiblərindən ən yaxşı göstəriciyə malik olanlara qismət olacaq.
Son 2 yer isə seçmə mərhələdə qruplarda 2-ci pilləni tutan daha 2 komanda ilə UEFA Millətlər Liqasında qalib olan, lakin seçmə mərhələdən vəsiqəni əldə edə bilməyən yığmalar arasındakı pley-off matçlarının qalibləri arasında bölüşdürüləcək.
Seçmə mərhələnin təqvimi bu ilin payızında, yarışın əsasnaməsi isə digər təfərrüatları ilə birlikdə ilin sonunda dərc olunacaq.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun qarşısına 2028-ci il Avropa çempionatına vəsiqə vəzifəsi qoyulub.