
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibidir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv həm də kubokun son qalibidir. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir.
Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.
1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 8, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.
33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq. “Sabah” ilk dəfə finalın iştirakçısı olacaq. Son iki finalda yeni ad olmayıb.
2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.
Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilərlə uduzub – 1:1, p.3:4