
“Final oyunları bütün azarkeşləri bir yerə yığan oyundur, bayram kimidir. Bizim və rəqibin də azarkeşləri olacaq. Amma neytral olanlar da olacaq".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah” komandası ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçından öncə təşkil edilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, kubok oyunu əlavə bir prestijdir: "Baxmayaraq ki, çempion olmuşuq, amma istərdik ki, yaxşı nəticə əldə edək. Qarşımızda yaxşı təşkil olunmuş komanda var.
“Sabah” klubu son vaxtlar çox iddialıdır, çox işlər görür. Premyer Liqada 5-ci pillədə olsa da, buna layiq deyildi. Komanda oyununa və futbolçularına görə daha yüksək yerdə olmalı idi. Yeni məşqçi gələndən sonra kuboka kökləndiklərini bildiriblər. Bizə də belə oyunda iştirak etmək xoşdur. Futbolçular inkişaf edir. Hər iki komandaya təşəkkür etmək istəyirəm. Çalışacağıq ki, maraqlı oyun olsun".
Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.