
Bu gün avrokuboklarda II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşəcək.
Əvvəlcə Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq ölkə çempionu "Qarabağ" daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq. Potensial rəqiblər isə səpələnməmişlər səbətindəki komandalar və I təsnifat mərhələsinin cütlərinin qalibləri olacaq.
Saat 15:00-da Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Bu mərhələdə Azərbaycanı təmsil edən "Sabah"ın Sloveniya "Tsele"sini keçəcəyi təqdirdə, növbəti rəqibi üzə çıxacaq. Potensial rəqiblər sırasında Çempionlar Liqasının I təsnifat mərhələsindəki görüşlərdən məğlub ayrılacaq komandalar da olacaq.
Nəhayət, saat 16:00-da Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması nəzərdə tutulub. Azərbaycan təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə məhz bu mərhələdən başlayacaqlar. Hər iki komanda daha aşağı reytinqlilərin olduğu səpələnməmişlər səbətində yer alacaq. Onlar potensial olaraq, səpələnmişlər səbətindəki və I təsnifat mərhələsindən qalib ayrılan komandalarla qarşılaşa bilərlər.
Eyni zamanda, "Sabah" "Tsele" ilə dueldə uduzacağı təqdirdə, mübarizəni məhz Konfrans Liqasının bu mərhələsində davam etdirəcək. Püşk nəticəsində cütün məğlub komandasının rəqibi bəlli olacaq.
Qeyd edək ki, hər 3 turnirdə Azərbaycan təmsilçilərinin potensial rəqiblərinin qısa siyahısı tezliklə açıqlanacaq.