
“Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman - Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə görüşüb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, görüşə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, "Şamaxı" klubunun İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da qatılıb.
Qonaqlara Tovuz futbolu və klub haqqında ətraflı məlumat verilib, Tovuzda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb. Eyni zamanda, “Şamaxı” barədə də qonaqlar geniş məlumatlandırılıb.
Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda fəxri qonağa "Turan Tovuz"un forması hədiyyə olunub. Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilmiş ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” oyununda çəkilən tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.