
Azərbaycan milli komandasının və Türkiyənin "Çorum" klubunun futbolçusu Coşqun Diniyev hazırda Bakıda xroniki zədədən bərpa prosesi keçir.
Bu barədə Sportnet.az-a futbolçunun atası Şahin Diniyev məlumat verib.
59 yaşlı mütəxəssis bildirib ki, oğlu müalicəsini tam bitirmək üzrədir: "Yəqin ki, ayın sonu Türkiyəyə yollanacaq. İyunun 29-dan sonra komanda təlim-məşq toplanışına başlayır. Ona görə də fasilədə istədik ki, zədəsini tam sağaltsın, həm milliyə, həm də klubuna fayda verə bilsin. Yarımçıq olmasın. Xroniki zədəsi axır vaxtlar ona imkan vermirdi. Bu, mövsümün son 2-3 ayında da açıq görünürdü. Həm də millinin martdakı oyunlarında da gördünüz ki, əvvəlki Coşqun deyil. Zədəsi klub və millidə daha yaxşı oynamağa imkan vermirdi. Düşünürəm ki, sağaldıqdan sonra, yüz faiz həm yığmaya, həm də “Çorum”a xeyir verə bilər".
Ş.Diniyev 30 yaşlı yarımmüdafiəçinin "Çorum"la hələ bir illik müqaviləsinin olduğunu xatırladıb. Onun sözlərinə görə, təklif olsa belə, klubu ilə razılaşdırılmalıdır: "Coşqunun “Çorum”la daha bir il anlaşması var, oraya məxsusdur. Düşünürəm ki, Coşqun daha yaxşı ola bilər. Ondan gözləntilərim daha çoxdur. Həmişə də narazıyam, razı ola bilmərəm.
Onun potensialı böyükdür. Bu baxımdan, düşünürəm ki, daha yaxşı futbol oynayıb, bundan da yüksək nailiyyətlər qazana bilər".
Hazırda işsiz olan sabiq baş məşqçi C.Diniyevin Türkiyə variantına üstünlük verməsinin səbəbini də açıqlayıb: "Doğrusu, Polşa, Özbəkistan, Cənubi Koreya, Macarıstandan təkliflər vardı. Lakin Coşqun Türkiyə bazarına girib, mentalitet baxımından öyrəşib. Əslində orada oynamaq çox çətindir. Daha sərtdir, orada rəqabət daha böyükdür. Həm onu tanıyırlar, həm də o tanıyır. Ona görə buradan uzaqlaşıb, gedib başqa yerə düşməsi çətin olacaq. Çünki alınıb-alınmaması, futbol oynayıb-oynamaması sual altındadır. Ona görə də bir yer sənə yaxşıdırsa, dəyişməyə dəyməz. Qərar verəndə də biz məsləhətləşirik. Düşünürəm ki, Türkiyədə qalması, Coşqunun karyerasında böyük yüksəlişdir".
Ş.Diniyev oğlunun Azərbaycana qayıtma variantına isə belə reaksiya verib: "Həyatda, həmçinin futbolda “heç vaxt heç vaxt demə” prinsipi var. Deyərsən ki, mən bunu heç vaxt etmərəm, yanlış olar. Coşqunun hazırda müqaviləsi var, klubsuz deyil. Ona görə gələn təkliflər o qədər yoxdur. Klubsuz olanda təkliflər gəlir.
Gələcəkdə hər şey ola bilər. Hazırda “Çorum”un futbolçusudur. Ayın sonu klubu ilə təlim-məşq toplanışına qatılacaq. Gələcəkdə nə olacağını bilmək olmaz. Əvvəlcə özü seçim etməlidir. Çünki onun əvəzinə mən oynamayacağam, o atmosferdə olmayacağam. Birinci qərar onun olmalıdır. Amma mən də məsləhətimi verəcəyəm. Hər bir halda seçimini dəstəkləyəcəyəm".