UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olan Xorvatiyanın "Hayduk" klubu təlim-məşq toplanışına başlayıb.

 

Sportnet.az "index.hr" saytına istinadən xəbər verir ki, Split təmsilçisi yeni baş məşqçi Qonzalo Qarsiyanın rəhbərliyi altında "Polyud" stadionunda hazırlaşır.

Bu gün başlayan toplanışa "Hayduk"un ulduz futbolçusu İvan Rakitiç yollanmayıb.

 

Xorvatiyalı yarımmüdafiəçinin klubla müqaviləsi iyunun 30-da başa çatır. Mənbənin məlumatına görə, o, müqaviləni daha bir mövsüm uzatmaq variantından istifadə edib-etməyəcəyi ilə bağlı hələlik rəhbərliyə məlumat verməyib.

 

Rakitiç son mövsüm ərzində 39 oyunda iştirak edib, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, İspaniyanın "Barselona" və "Sevilya" komandalarındakı çıxışı ilə tanınır.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 31-də keçiriləcək. "Zirə" ilk matçı evdə, cavab oyununu isə səfərdə keçirəcək.