
UEFA-nın növbəti mövsümdə avrokuboklardan əldə edəcəyi gəlir 4 milyard avronu keçəcək.
Sportnet.az "Calcio e Finanza"ya istinadən xəbər verir ki, qurum 2025/26 mövsümündə Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Superkubokundan 4,4 milyard avro qazanacağına ümid edir ki, bu da ötən mövsümlə eynidir.
Yarışların təşkilati və inzibati xərcləri 387 milyon avro olaraq qiymətləndirilir.
Avropa yarışlarının seçmə mərhələlərində klublara, vəsiqə qazana bilməyən komandalara, qadın komandalarına və gənclərdən ibarət komandalara xərclər və ödənişlər çıxıldıqdan sonra xalis gəlir 3,548 milyard avro olacaq. UEFA bunun 231 milyon avrosunu (6,5%) Avropa futbolunun ehtiyat büdcəsi üçün ayıracaq, qalan 3,317 milyard avro isə avrokubokların əsas mərhələsində iştirak edəcək klublar arasında bölüşdürüləcək.
3,317 milyard avronun 2,437 milyardı Çempionlar Liqası və Superkubok iştirakçılarına, 565 milyonu Avropa Liqasının komandalarına, 285 milyonu isə Konfrans Liqasının klublarına veriləcək.