“Bəzi qəbulolunmaz səhvlərimiz var idi. Yaxşı oldu ki, burada onları gördük. Bundan sonra Avstriya hazırlığına diqqət ayıracağıq”.

 

Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis komandasının çıxışından razılığını dilə gətirib: “Maraqlı oyun alındı. Xüsusilə ilk hissə daha maraqlı idi. “Zirə” də həddindən artıq yaxşı oynadı, bizdən daha hazırlıqlı görünürdülər. İkinci hissə isə fərqli keçdi. Tez qollar vurduq və oyun asanlaşdı. Səhvlərimiz var idi, bu da gözlənilən idi. Futbolçuların hazırlıq səviyyəsi tam olmadığından, onlardan çox şey tələb etmək olmur. Ümumilikdə isə qarşıdakı günlərdə üzərində çalışacağımız epizodları gördük. Diqqətlə yanaşacağıq. Komanda olaraq, oyunçuları daha yaxşı gördüm. Amma səhvlərimiz var idi”.

 

Qurbanov "Qarabağ"ın ümumi hazırlıq səviyyəsinə də toxunub: “Hələlik, o səviyyədə deyilik. Əfsus ki, futbolçularda fərqli fiziki hazırlıq var. Milli komandanın oyunçularının, istirahətə az vaxtları olduğundan, fiziki durumları yaxşı deyil. Digərləri isə məşqlərdə verdiyimiz tapşırıqları daha rahat qəbul edir”.

Baş məşqçi transferlər barədə və Yassin Benzianın gedişindən danışıb: “Onun geri qaytarılması barədə bir məlumat yoxdur. Ayrıldıqdan sonra heç bir danışığımız olmayıb. Amma ümumi transferlərlə bağlı həmişəki kimi, danışıqlar gedir. Bunun üzərinə çox ciddi düşmüşük. Ola bilər bir aya, ola bilər on günə açıqlansın. Bir yox, bir neçə futbolçu cəlb edəcəyik”.

O, klubla rəsmi olaraq, bu gün başa çatan müqaviləsini uzadıb-uzatmadığı barədə suala konkret cavabdan yayınıb: “Yox, köhnə müqaviləm davam edir. Bilmirəm. Premyer Liqa klubları üçün müqavilə 5 illik, 10 illik olmur ki…”

 

Qurbanov Xorvatiyanın “Dinamo Zaqreb" komandasının mərkəz müdafiəçisi Sami Mmae ilə maraqlandıqlarına dair suala isə belə cavab verib: “Ola bilər, bizim transfer siyahımızda olsun, ya da olmasın”.