
"Sabah" və Moldovanın "Petrokub" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarının başlama saatları və hakimləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qal Leiboviçə Omer Barbiro və Yossi Babayoff yan xətt, Dekel Zino dördüncü hakim qismində yardımçı olacaq.
İyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") baş tutacaq cavab görüşü isə saat 20:00-da start götürəcək. Serbiyalı baş hakim Danilo Nikoliçə Milan Şutuloviç və İvan Mikalaçki yan xətt hakimləri, İvan Stamenkoviç isə dördüncü hakim kimi kömək edəcək.