
“Bizi çox maraqlı oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas Moldovada "Petrokub"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Litvalı mütəxəssis rəqib barədə danışıb: "Onların necə oynadığını təhlil etmişik, son oyunlarını izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli çıxış edirlər. Futbolçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir".
Dambrauskasın fikrincə, avrokuboklarda favorit olmur: "Burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər. Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər oyuna qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq. “Tsele” ilə keçirdiyimiz iki qarşılaşma bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.
Qeyd edək ki, bu gün Kişineudakı "Zimbru" stadionunda keçiriləcək "Petrokub" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.