
Azərbaycan UEFA reytinqində bu mövsüm topladığı xalı 1-ə yüksəldib.
Sportnet.az xəbər verir ki, iyulun 24-də "Araz-Naxçıvan" və "Sabah" komandaları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində əldə etdikləri qələbələrlə ölkə aktivinə daha 0,5 xal əlavə ediblər.
İyulun 23-də "Qarabağ" Çempionlar Liqasındakı qalibiyyətlə 0,250 xal, "Zirə" Konfrans Liqasındakı heç-heçə ilə 0,125 xal qazanmışdı.
Avropa Liqasının I təsnifat mərhələsində isə "Sabah" Sloveniyada "Tsele" üzərində 3:2 hesablı qələbəni əlavə vaxtda əldən verərək, qeydə alınan 3:3 hesablı heç-heçə nəticəsində 0,125 xalla başlanğıc etmişdi.
Beləliklə, son 5 mövsümdə topladığı xalını 18,125-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, 28-ci yerdə gedən və avrokuboklarda təmsil olunmayan Rusiyanı (18,299) keçmək üçün real imkan qazanıb. Bunun üçün gələn həftə keçiriləcək cavab görüşlərində 4 klubdan cəmi 1 qələbə də yetərlidir.
Artıq Ukrayna Rusiyanı üstələməyi bacarıb. Bu ölkə 18,475 xalla 27-cidir.
Qeyd edək ki, "Qarabağ" İrlandiyada Şelburn"u 3:0, "Sabah" Moldovada "Petrokub"u 2:0, "Araz-Naxçıvan" evdə "Aris"i 2:1 hesabı ilə yenib. "Zirə" isə Xorvatiya "Hayduk"u ilə heç-heçə edib - 1:1.