
“Qarabağ”ın heç bir futbolçusuna fərdi olaraq yanaşmıram".
Sportnet.az xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində onlara çətinlik yaradacaq futbolçunun olmadığını bildirib: "Biz bu komandaya qarşı oynayacağıq".
O, qələbə qazanmağa çalışacaqlarını söyləyib: "Birinci oyunda fiziki problemlərimiz oldu. Hətta vurulan qolda da bu nüans rol oynadı. Amma bizim də imkanlarımız var idi, biz də qol vura bilərdik".
Baş məşqçi ilk matçda komandasının çıxışını belə dəyərləndirib: “Oyunda maksimumu etməyə çalışdıq. İlk yarıda “Qarabağ” daha yaxşı oldu. Biz fiziki cəhətdən geridə qaldıq. İkinci yarıda isə biz daha yaxşı idik. Bu oyunda da daha aqressiv oynayacağıq, çünki itirəcəyimiz heç nə yoxdur".
Beqiri komandanın heyəti albaniyalı və şimali makedoniyalı futbolçulardan təşkil edilməsi barədə sualı belə cavablandırlb: “Albaniya və Şimali Makedoniya qonşu ölkələrdir, çox yaxşı münasibətlərimiz var. Başqa ölkələrdən də futbolçularımız var. “Qarabağ”la müqayisədə bizim avrokubok təcrübəmiz azdır".
Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.